ELM VƏ TƏHSİL


Gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı çərçivəsində sənəd qəbulu aparılır

Bakı, 14 iyun, AZƏRTAC

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu aparılır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu iyunun 26-sı saat 23:59-dək davam edəcək. Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul sənədinin əldə edilməsidir. Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib elektron ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılacaq. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçiriləcək. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar veriləcək.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.