RƏSMİ XRONİKA


Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin açılışı olub VİDEO

Göyçay, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.

Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin