CƏMİYYƏT
III Robot Olimpiadasının qalibləri müəyyənləşib
Bakı, 7 iyun, AZƏRTAC
Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadasının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, aşağı yaş qrupunda (10-15 yaş) “Qarabağ RC” (sərbəst komanda), yuxarı yaş qrupunda (16-19 yaş) isə Bakı Ali Neft Məktəbinin “TechNoBotics” komandaları qalib olublar. Digər kateqoriyalarda - 8-12 yaş qrupu üzrə Bakı Müasir Təhsil Kompleksinin (BMTK) “Robo-cop”, 13-15 yaş qrupunda “Droger” (BMTK), 16-19 yaşlılarda isə Xəzər Universitetinin “Chicken dönər” komandaları qalib adını qazanıblar.
Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edib və 6 kateqoriya üzrə keçirilib. Qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıblar.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak edib. Hazırda iştirakçıların sayı 70-i ötüb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.