İQTİSADİYYAT


İran Azərbaycan Respublikası vasitəsilə tranzit yükdaşımaların həcmini artıra bilər

Tehran, 6 oktyabr, AZƏRTAC

Nəqliyyat infrastrukturu tamamlanarsa, İran, Rusiya, Azərbaycan və digər qonşu ölkələr yaxın illərdə tranzit yükdaşımalarının həcmini 50 milyon tona qədər artıra bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib. O bildirib ki, İran Azərbaycan Respublikası vasitəsilə Rusiya, Cənubi Qafqaz və MDB ölkələri ilə tranzit yükdaşımaların həcmini artıra bilər. Bunun üçün isə Rəşt-Astara dəmir yolu tezliklə tikilib istifadəyə verilməlidir. Onun sözlərinə görə, Rusiya ilə İran arasında əldə edilən razılaşmaya əsasən, rəsmi Moskva Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə yatıraraq reyslərin düzülməsində, dəmir yolunun elektrik enerjisi ilə təmin olunmasında və digər texniki işlərin həyata keçirilməsində iştirak edəcək. Tərəflər 2023-cü ildə tranzit yükdaşımanın həcmini 10 milyon, 2030-cu ilədək 50 milyon ton artırılması haqqında plan tərtib ediblər.

Ş.Əfəndizadə nəzərə çatdırıb ki, bu məsələ İran və Rusiyanın rəsmiləri arasında 2-ci Xəzər İqtisadi Forumu çərçivəsində müzakirə olunacaq.

Rusiya və Avropanı Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rəşt-Astara dəmir yolunun istismara verilməsindən sonra fəaliyyətə başlaya bilər. Rusiya və Avropadan Asiya ölkələrinə, eləcə də əks istiqamətə yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə daşınacaq. Rusiyadan daşınan yüklər qatarla Azərbaycan ərazisindən keçərək İrana, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Bəndər-Abbas və Çabahar limanlarına çatdırılacaq. Bu limanlar böyük yükaşırma imkanına malikdir və Fars körfəzi ölkələrinin limanları ilə Hindistanın Mumbai limanı da daxil olmaqla Asiyanın digər limanları ilə əlaqələri var.

Göründüyü kimi, bu beynəlxalq layihənin tez bir zamanda reallaşması İran və Rusiya üçün olduqca vacibdir. Azərbaycan isə tranzit ölkə olaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində lazım olan işləri həyata keçirib. İranla Azərbaycanın dəmir yolları birləşdirən körpü istifadəyə verilib. İranın Astara şəhərində Azərbaycan tərəfi böyük yük terminalının inşasını davam etdirir. Bundan başqa, Bakı-Astara magistral yolu və Bakı Beynəlxalq Ticarət Limanı da müasir standartlar səviyyəsində yenidən qurulub. Rəşt-Astar yolu istifadəyə verildikdən sonra Azərbaycan böyük həcmdə yükdaşıma imkanına malik olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.