SİYASƏT


Kərkicahanın işğalından 23 il keçir

Bakı, 28 dekabr, AZƏRTAC

Mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 23 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı da başa çatdırılıb. Həmin günə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən, yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana hücuma keçən ermənilər hərbi texnika və ağır silahlardan istifadə edərək qəsəbəni ələ keçiriblər. Döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaqdır. Allah bütün şəhidlərə rəhmət eləsin!

Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 kilometr aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Xankəndinin əhalisinin sayı 55.3 min nəfər təşkil edib. Şəhər şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatələnib.

Xankəndi XVIII əsrin sonlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması məqsədilə xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində dağ ətəyi məskən seçilib. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır.

Şəhərdə tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.