Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi ŞƏRH VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
XX əsrin 90-cı illərinin sonları və XXI əsrin ilk dövrlərində beynəlxalq münasibətlər praktikası göstərdi ki, dünyanın siyasi mənzərəsində baş verən əhəmiyyətli dəyişikliklər daha çox neqativ istiqamətə yönəlmişdi. Bir sıra dövlətlər və güc mərkəzləri öz siyasi, geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək məqsədilə hüquqa hörmətsizlik etdilər, haqqı və ədaləti tapdaladılar. Beləliklə, dünya səviyyəsində hüququn hüquqsuzluq prosesinə zəmin yaradıldı. Təbii ki, bu neqativ hadisələrdə əsas məqsəd yenə də siyasi və geosiyasi maraqları təmin etmək olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov səsləndirib.
O xatırladıb ki, tarixən xalqımıza və əzəli torpaqlarımıza qarşı müxtəlif təcavüzlər baş verib. Soyqırımları törədilib, müharibə cinayətləri həyata keçirilib və beləliklə, dünyanın sabitliyi təhlükə altına düşüb. Başqa sözlə, beynəlxalq sülh və təhlükəsizlik pozulub, insan hüquq və azadlıqları kobud şəkildə tapdanıb.
“Azərbaycan xalqına qarşı xarici dövlətlərin və güclərin düşmənçilik siyasətinin əsası 200 il əvvələ qədər gedib çıxır. Bu prosesin kulminasiya nöqtəsi isə XX əsrin 90-cı illərinə təsadüf edir. 40-a yaxın soyqırımı epizodu baş verdi, xüsusilə 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək misli görünməmiş soyqırımı törətdilər. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizi azad etdi. Bu, həm də beynəlxalq hüquq baxımından reallıq yaratdı. Bu reallığın əsasını isə Prezident İlham Əliyevin siyasi iradəsi təşkil etdi. Beynəlxalq münasibətlər kontekstində siyasi liderin xarizmatik iradəsi problemlərdə həlledici amil sayılır”, - deyə R.Məmmədov diqqətə çatdırıb.
Hüquqşünas bildirib ki, artıq Azərbaycan xalqına qarşı soyqırımı, müharibə və təcavüz cinayətlərində təqsirli bilinən şəxslərin mühakiməsi də həyata keçirilir. Fevralın 5-də isə təqsirləndirilən şəxslər barəsində hökm çıxarıldı. Bu qərar isə haqqın və ədalətin bərpası idi. Azərbaycan məhkəmələri təqsirləndirilən şəxslərin mühakiməsini həyata keçirərkən həm Azərbaycan qanunlarını, həm də qoşulduğu beynəlxalq müqavilələri nəzərə alıb. Bu şəxslərin əməlləri beynəlxalq cinayətlər, xüsusilə soyqırımı və müharibə cinayətləridir.
“Beynəlxalq praktikaya nəzər salsaq, ilk dəfə Birinci Dünya müharibəsindən sonra Versal sülh müqaviləsi əsasında beynəlxalq cinayətlərə görə məsuliyyət nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə təqsirləndirilən şəxsləri məsuliyyətə cəlb etmək mümkün olmamışdı. 1990-cı illərdə Yuqoslaviya və Ruandada baş vermiş soyqırımı aktlarının mühakiməsi məqsədilə BMT Təhlükəsizlik Şurası tərəfindən Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalları təsis edildi. Lakin bu tribunalların yaradılmasına bəzi dövlətlər etiraz etmişdi. Azərbaycan isə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində öz milli məhkəmələri vasitəsilə təqsirləndirilən şəxsləri mühakimə etdi. Bu, həm tarixi, həm də beynəlxalq hüquq baxımından əhəmiyyətli bir addım oldu. Beləliklə, dünya birliyinə mesaj verildi ki, beynəlxalq cinayətlər cəzasız qalmayacaq”, - deyə hüquq üzrə fəlsəfə doktoru əlavə edib.
Azərbaycan məhkəmələrinin beynəlxalq ədalət prinsiplərinə əsaslanaraq qərarlar verdiyini deyən R.Məmmədov qeyd edib ki, bu qərarlar milli məhkəməmizin beynəlxalq cinayətlərə görə müstəqil qərar çıxarması baxımından əhəmiyyətlidir. Çünki beynəlxalq mexanizmlər bəzən siyasi mülahizələrə daha çox meyl edir və haqqın bərpasına mane olur. Lakin Prezident İlham Əliyev siyasi iradəsini ortaya qoydu, beynəlxalq hüququn və ədalətin bərpası təmin edildi.