CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəydə humanitar oftalmoloji müayinələr aparıb
Bakı, 13 iyul, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəydə rayon əhalisinə tibbi xidmət göstərib. Gədəbəy rayon xəstəxanasının həyətində yerləşdirilən səyyar klinikada müayinələr və cərrahi əməliyyatlar aparılıb. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət 15 nəfərlik briqada iştirak edib. Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildiriblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə 2005-ci ildən bu günə kimi səyyar klinika respublikanın rayon və şəhərlərində onlarla tibbi aksiya keçirib. Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır.
Oftalmoloqların apardıqları araşdırmalara əsasən rayon sakinləri daha çox quru göz sindromu problemindən əziyyət çəkirlər. Bununla yanaşı, refraksiya anomaliyaları və göz travmaları ilə müraciət edənlər də var. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyevanın sözlərinə görə, əməliyyat aparılmağa və daha dərin müayinə olunmağa ehtiyacı olanlar Gəncə filialına və ya Bakıya göndəriləcəklər. Gədəbəydə keçirilən aksiyada 400-ə yaxın pasiyent müayinə və müalicə edilib, 10-a yaxın cərrahi əməliyyat aparılıb.