ELM VƏ TƏHSİL


“Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları keçirilib YENİLƏNİB

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda humanist pedaqogika üzrə IV Respublika pedaqoji oxuları keçirilib.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin, eləcə də Vətən müharibəsində həlak olan təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası və 201 nömrəli tam orta məktəb tərəfindən təşkil edilib.

Tədbirə moderatorluq edən Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov pedaqoji oxuların əhəmiyyətindən söz açıb, humanist pedaqogikanın əsas prinsipləri barədə məlumat verib.

Təhsil naziri Emin Əmrullayev cəmiyyətdə müəllimin rolundan, bu peşənin özəlliklərindən danışıb. “Müəllim sənəti çətin, eyni zamanda, şərəfli peşədir”, - deyən nazir gənc nəslin savadlı yetişməsində təhsıl işçilərinin zəhmətini xüsusi qeyd edib. O, şagirdlərin savadlı, bilikli olmasında, gələcəkdə şəxsiyyət kimi yetişməsində müəllimlərin əməyini xüsusi qeyd edib.

E.Əmrullayev pedaqoji oxularin təhsil işçiləri üçün səmərəli olacağına əminliyini bildirib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və digər çıxış edənlər ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, tətbiq olunan yeniliklərdən, humanist pedaqogikanın mahiyyətindən, gələcək sağlam nəslin yetişməsində və formalaşmasında fədakar müəllim əməyindən söz açıblar. Bildirilib ki, pedaqogika elminin mahiyyətində, məzmununda insanların tərbiyə edilməsi, dərrakəli, xeyirxah, nəcib, məsuliyyətli, şərəfli olmaları dayanır. Bu işdə müəllimlər əvəzsiz rol oynayırlar.

Çıxış edənlər müəllimlərin inkişafında, onların yeni yanaşmalarla tanış olmasında pedaqoji oxuların əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, indiyədək keçirilən pedaqoji oxularda təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları da bu tədbirlərin davamıdır. Beynəlxalq oxuların təhsil sahəsi üçün vacibliyi vurğulanıb, şərəfli və çətin müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin məsuliyyət və vəzifələrindən söz açılıb. Qeyd edilib ki, pedaqoji oxular müəllimlərin yeni yanaşmalara müraciət etməsində, onların baxışlarının dəyişməsində və inkişafında müsbət rol oynayacaq.

Tədbirə onlayn qoşulan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili Azərbaycanda bu cür tədbirin keçirilməsindən məmnunluğunu bildirib, bu prosesin təhsil işçilərinin fəaliyyətində mühüm rol oynayacağını söyləyib. Şalva Amonaşvili mövzu ilə bağlı məruzə edib. Tədbirdə “Humanist pedaqogika: hər şey şagird naminə”, “Uğurlu məktəb necə olmalıdır?”, “Müəllim dəyər daşıyıcısıdır”. “Şagirdi qanadlandıran müəllimi ruhlandırır”, “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir”, “Səmərəli əks-əlaqə öyrənməni dəstəkləyən əsas uğur faktoru kimi” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

IV Respublika pedaqoji oxuları çərçivəsində laboratoriya məşğələləri keçirilib, iştirakçılara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.