SİYASƏT


Norveçli deputat Qarabağ həqiqətləri barədə məlumatlandırılıb

Norveçli deputat Qarabağ həqiqətləri barədə məlumatlandırılıb

Oslo, 14 noyabr, AZƏRTAC

Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” diaspor təşkilatının sədri Şervin Nəcəfpur “Qırmızılar” partiyasından deputat Björnar Moxnes ilə görüşüb.

Onlayn görüşdə Moxnesin partiyadakı baş müşaviri Andreas Liebe Delsett də iştirak edib. Diasporumuzu görüşdə Şervin Nəcəfpurla yanaşı, hüquqşünas Vəfa Bakkalar təmsil edib.

Görüşdə deputata Norveçdəki Azərbaycan icması, diaspor təşkilatının fəaliyyəti, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verilib.

Diaspor fəalı Qarabağ müharibəsi ilə bağlı Norveçdə yanlış məlumatların yayılmasının və əsassız çıxışların olmasının təəssüf doğurduğunu bildirib. Diqqətə çatdırılıb ki, 30 ilə yaxın idi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizi işğal altında idi. Münaqişə bir milyondan çox qaçqın və məcburi köçkünün yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnmişdi. Minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Norveç mediası və siyasətçiləri bu məsələlərə fikir verməlidir.

Azərbaycanın sülhsevər və multikultural dəyərlərə əsaslanan siyasət yürüdən bir ölkə olduğunu qeyd edən Vəfa Bakkalar hazırda 30 min erməninin ölkəmizdə yaşadığını və hər bir Azərbaycan vətəndaşı kimi onların da hüquqlarının qorunduğunu bildirib. Qarabağda yaşayan bütün millətlərin nümayəndələrinin yenidən ölkəmizin tamhüquqlu vətəndaşı olaraq sülh içində yaşayacağı diqqətə çatdırılıb.

Norveçli deputatın Türkiyənin münaqişədəki rolu barədə sualına cavab verən diaspor fəallarımız Türkiyə ilə Azərbaycan arasında möhkəm mədəni və tarixi əlaqələrin olduğunu qeyd ediblər. Türkiyənin Azərbaycana yalnız siyasi və mənəvi dəstək verdiyi bildirilib.

Görüşdə Björnar Moxnes Norveçin müharibədən əziyyət çəkən insanlara humanitar yardımları davam etdirməyi düşündüyünü və bu məsələ ilə bağlı digər siyasi partiyalarla da müzakirələrin aparılmasının gözlənildiyini söyləyib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.