CƏMİYYƏT


Oxçuçayda suyun tərkibində zərərli kimyəvi maddələrin qatılığı artıb

Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklərinin üzvləri iştirak ediblər.

İştirakçılara işğaldan azad edilmiş rayonlarda ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə həyata keçirilən monitorinqlər barədə məlumat verilib, müzakirələr aparılıb. İclasda qrup üzvlərinə, həmçinin Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında məlumat verilib.

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər müşahidə edilib və kəskin qoxu müəyyən edilib. Çayın Ermənistanla sərhədə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonunun Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarının normadan 4-5 dəfə, sulfatın miqdarının bir neçə dəfə yüksək olması müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.

Oxçuçayın Qərbi Zəngəzur ərazisindən davamlı çirkləndirilməsi nəticəsində çayın və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilib. Həmçinin Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet Holding” şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib və çayın çirklənməsi bu gün də davam edir.

Məsələnin ciddiliyini nəzərə alaraq, mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Qeyd edək ki, İşçi Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.