MƏDƏNİYYƏT
QƏBƏLƏ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN 30 İLLİK YUBLEYİ TƏNTƏNƏ İLƏ QEYD OLUNACAQDIR
Qəbələ, 22 may (AZƏRTAC). Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin 30 illik yubleyi təntənə ilə qeyd ediləcəkdir. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Xalis Məmmədov bildirmişdir ki, yubley tədbiri iyunun ilk ongünlüyündə keçiriləcəkdir. Rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
Xalis Məmmədov qeyd etmişdir ki, mayın 18-də rayon rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə beynəlxalq muzeylər günü qeyd olunmuşdur. Tədbirdə muzeyin işçilərini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 30 illik yubileyin keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılması və yubiley tədbirinin keçirilməsi üçün lazımi tapşırıqlar vermişdir. Tədbirdə qonaqlara məlumat verilmişdir ki, 1980-ci il iyunun 3-də fəaliyyətə başlayan bu muzeydə qədim yaşayış məskəni olan Qəbələnin 12 mindən artıq maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır.
Səbuhi Abdullayev muzeyin 9 əməkdaşını fəxri fəmanla təltif etmişdir. Sonra muzeydəki eksponatlarla tanışlıq olmuşdur.