Quba və Qusar rayonlarının ibtidai sinif müəllimləri sertifikatlaşdırılma haqqında maarifləndiriliblər
Quba, 9 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 9-da Quba və Qusar rayonlarının ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri təhsilverənlərin sertifikatlaşdırılması prosesi haqqında maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada təşkil olunan tədbirdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikasiyanın qiymətləndirmə çərçivəsini şərh edib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı ətraflı məlumat verib. İbtidai sinif müəllimlərinə sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri barədə danışılıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədovun da çıxış etdiyi görüş müzakirə və sual-cavab formatında davam edib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.