MƏDƏNİYYƏT
SARICA-MİNBƏRƏK DÜZÜNDƏ MUZEY-QORUQYARADILACAQDIR
Rayon mədəniyyət şöbəsinin müdiri Nəzir Omarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni yaradılacaq muzey-qoruğun sərhədlərinin müəyyənləşdirilməsi məqsədi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu günlərdə Sarıca-Minbərək arxeoloji zonasında olmuş, yerli mütəxəssislərlə birgə əraziyə baxış keçirmişlər. Arxeoloji abidənin mühafizə zonası öyrənilərək dəqiqləşdirilmişdir. Hazırda Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsində muzey-qoruğun xəritəsi hazırlanır.
Xatırladaq ki, eneolit, tunc və dəmir dövrlərinə aid edilən, yəni eramızdan əvvəl IV minilliyin sonu - I minilliyin ortalarına qədər dövrü əhatə edən Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji kəşfiyyat, qazıntı və elmi tədqiqat işləri nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid yüzlərlə kurqan, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları qeydə alınaraq, arxeoloji tədqiqata cəlb edilmişdir.