REGİONLAR


Şəmkirdə sosial işlərə cəlb edilmiş 550 işçinin təftişi aparılıb

Şəmkir, 25 aprel, Rauf Hacıyev, AZƏRTAC

Şəmkir rayonunda əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində açılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə, bu işlərin təşkilinə nəzarətin gücləndirilməsi məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında komissiya yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komissiyanın qarşısına müvəqqəti iş yerlərinin dislokasiyasını müəyyən etmək, müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin təşkilinin təftişi, işçilərin işə qəbulunda şəffaflığın təmin edilməsi, işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün işə götürənlərlə fərdi izahat işinin təşkili, işəgötürən və işəgötürülənlər arasında hər hansı bir mənfi halların yaranmaması üçün zəruri tədbirlərin görülməsi qarşıya məqsəd kimi qoyulub.

Aprelin 15-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə keçirilən komissiyanın ilk iclasında yuxarıda qeyd olunan məqsədlərin reallaşdırılması üçün rayon icra hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və rayon Məşğulluq Mərkəzinin işçilərinin də daxil olduğu təftiş qruplarının yaradılması barədə qərar qəbul edilib.

Aprelin 18-dən 22-dək təftiş qrupunun üzvləri Şəmkir rayonunda DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində çalışan işçilərlə görüşüb, onların şəxsiyyətini təsdiq edən vəsiqələri və əməkhaqqı kartları ilə fotolarını çəkərək izahat işləri aparıblar. Eyni zamanda, işdən çıxanlar da təftişi edilib. Ümumilikdə 550 nəfərlə fərdi şəkildə görüş keçirilib.

İlk dəfə Şəmkir rayonunda tətbiq edilən bu işlərin yekunu olaraq, aprelin 24-də rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərlərinin, rayonun İctimai Şura üzvlərinin və rayon Ağsaqqallar Birliyinin də daxil olduğu komissiyanın yekun iclası keçirilib. Əvvəlcə iclasda iştirak edənlər təftiş qruplarının fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.

Təftiş qruplarının rəhbəri Fəxrəddin Vəliyev işlərin yekun arayışını səsləndirib.

Bildirilib ki, təftiş zamanı Şəmkir rayonunda sosial işlərə cəlb edilmiş işçilərin əməkhaqqı kartlarının işçilərin özündə olduğu, həmin kartlardan şəxslərin özlərinin istifadə etdiyi müəyyənləşib. 550 işçinin hər biri ilə tək-tək aparılan təftiş zamanı müəyyən edilib ki, işçilər işə qəbul zamanı və işlədiyi dövrdə heç bir mənfi halla qarşılaşmayıblar. Əməkhaqqı kartından çıxarılan vəsaiti isə özləri alırlar. Bütün bunları sosial işlərə cəlb edilmiş hər bir işçi yazdığı izahatlarda imzaları ilə təsdiqləyib.

Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək, təftiş qruplarının gördüyü işləri yüksək qiymətləndirib və gələcəkdə də şəffaflığın təmin edilməsi istiqamətində bu işlərin mühüm rol oynayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.