REGİONLAR
Sumqayıtda şəhidlərə həsr olunan “Zirvəyə ucalanlar” adlı xalça sərgisi açılıb
Sumqayıt, 23 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Zirvəyə ucalanlar” adlı sərgi-tədbir keçirilib.
Qalereyanın direktoru Ellada Həsənova AZƏRTAC-a bildirib ki, əvvəlcə qonaqlar “Zəng” adlı qısametrajlı bədii filmi izləyiblər. Filmin yaradıcı heyəti - rejissor Ruslan Sabirli, Əli Quli, qazi Kənan tədbir iştirakçılarına təqdim olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Ordumuzun qüdrətindən, şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar.
Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı orta məktəbin şagirdi Əli Əhmədov, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əli Hüseynov, qazi övladı Dəniz Abdullazadə vətənpərvər ruhlu şeirlər söyləyiblər. Sonra Sumqayıt şəhər 35 saylı orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub. Müğənnilərin ifası, eləcə də şəhid Anar Şükürov adına orta məktəbin şagirdləri Ayxan və Rəvan Abdullazadə qardaşlarının ifasında “Xudayar təsnifi” maraqla qarşılanıb.
Sonda sərgiyə baxış keçirilib.