ELM VƏ TƏHSİL
Tarix Muzeyində fotosərgi: Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı olacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, fotosərgi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi çərçivəsində hazırlanıb. Fotoekspozisiyanın təşkilində məqsəd respublika ictimaiyyətinin və xarici qonaqların diqqətini çəkilmiş fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir.
İki hissədən ibarət fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən çox fotoşəkil nümayiş olunur. Fotoşəkillərin toplanmasında Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu muzeyə dəstək olub. Bir neçə fotoşəkilin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim olunmuş raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da tamamlayır.
Fotosərginin birinci hissəsində 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycanın şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdikləri fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. İkinci hissədə işğaldan azad edilmiş torpaqlarda olmuş, erməni terrorizmini öz gözləri ilə görüb, fotoaparatları ilə tarixə həkk etmiş Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir. Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunacaq.
Fotosərgiyə baxış karantin qaydalarına riayət olunaraq təşkil ediləcək, sərgiyə giriş pulsuzdur.