Təbiət qoynunda bir gün - Sarısu gölündə ovçularla bir yerdə
İmişli, 10 fevral, AZƏRTAC
Azərbaycanın ən böyük gölü olan Sarısu hər il minlərlə köçəri quşun məkanı olmaqla yanaşı, həm də peşəkar və həvəskar ovçuların əsas ünvanıdır. Güzgü kimi parıldayan su səthi və ətrafındakı zəngin həyat bura gələnləri ilk baxışdan sehrləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan bölgəsinin incisi sayılan, Kür çayı boyunca 22 kilometr məsafədə uzanan Sarısu gölü özünəməxsus təbiəti ilə seçilir. Sahilboyu ərazisi qamışlıq və bataqlıqlardan ibarət olan gölün dərinliyi bəzi yerlərdə 6 metrə çatır. Hər il bura 300 mindən çox köçəri quşun sığınması bu ərazini ovçuluq və balıqçılıq üçün əvəzolunmaz, bir o qədər də sirli məkana çevirir.
Hələ dan yeri sökülməmiş, ulduzlar göy üzündən çəkilməmiş Mehman Ağayev, Ravil Qasımov və Elçin Əliyev ov ləvazimatlarını hazırlayıb yola düşürlər. Bir müddət getdikdən sonra asfalt yolun yerini torpaq yolun tozlu cığırları əvəzləyir – bu, ov yerinə yaxınlaşmağın ilk işarəsidir. Ovçular sübhün qaranlığında qayıqla gölün sükutunu pozmadan daxil olub düzgün mövqe seçir, maketləri suya düzür və böyük səbirlə "qızıl anı" gözləyirlər. Hava işıqlaşdıqca ətrafdakı sükut tək-tük atəş səsləri ilə pozulur və günün ilk şikarları üfüqdə görünməyə başlayır. Ovçular etik qaydalara sadiq qalaraq, ümumi sayı keçmədən vurduqları quşları sudan toplayıb sahilə çıxırlar.
Təcrübəli ovçu Mehman Ağayev bildirir ki, ov etmək sadəcə tətiyi çəkmək deyil, bu iş üçün, ilk növbədə, rəsmi icazə alınmalıdır. Onun sözlərinə görə, ov zamanı limitlərə və qadağalara əməl etmək mütləqdir: “Hazırda su quşlarının ov mövsümüdür. Ova getmək üçün öncə icazə əldə etmək şərtdir. “Qırmızı kitab”a və beynəlxalq “Qırmızı siyahı”ya daxil edilən ağgöz dalğıc, mərmər cürə, göy dimdik, qırmızıbaş dalğıc, uzunquyruq ördək və qılquyruq ördəyi ovlamaq olmaz. Qazlardan isə qırmızıdöş və ağqaş qazın ovlanması qadağandır. Bir çox quş da var ki, “Qırmızı kitab”a daxil edilməsə də, onların da ovlanması qadağandır. Bunlara misal olaraq, kəklik və harayçı quşların adını çəkmək olar”.

"Atış məsafəsi 35-40 metr olanda quşları düzgün ayırd etmək lazımdır. Tanımayanlar peşəkarlardan öyrənməlidirlər ki, təbiətin nadir incilərini təsadüfən tələf etməsinlər", – deyə M.Ağayev vurğulayır. Onun sözlərinə görə, ov zamanı yalnız qanunla icazə verilən alətlərdən istifadə olunmalıdır. Su quşları ovunda maketlər və nəfəsli quş çağıran alətlərdən yararlanmaq lazımdır. Elektron vasitələr isə qəti qadağandır.
Ravil Qasımov bildirir ki, ovçuluq onun üçün bir ailə mirasıdır: “Atam ovçu olduğu üçün bu, mənim də uşaqlıq hobbimə çevrilib. Ovçuluğun 3 qızıl qaydası var. Birincisi, təhlükəsizlikdir – silah oyuncaq deyil. İkincisi, ovçular təbiətin keşikçisi olmalıdır. Üçüncü isə bilikdir - hansı quşun ovlanıb-ovlanmayacağını bilmək lazımdır. Bu, həm də vicdan məsələsidir”.
Onun sözlərinə görə, ovçuluq təkcə şikar dalınca qaçmaq deyil, həm də əmanət aldığımız ekologiyanı qorumaqdır. Ravil Qasımov boş patronların və plastik qabların ətrafa atılmamasının vacibliyini də xatırladır: "Plastik əşyalar yüz illərlə təbiətin bağrında yara kimi qalır. Biz gəldiyimiz yeri təmiz saxlamalıyıq".

Həvəskar ovçu Elçin Əliyev üçün isə əsas məqsəd şikar yox, təbiətin ruhu ilə ünsiyyətdir: "Bəzən saatlarla gözləyirik və əliboş qayıdırıq. Amma təmiz havanı ciyərlərimizə çəkmək, Günəşin doğuşunu suyun üzərində müşahidə etmək bizim üçün ən böyük qazancdır".
Nəticə etibarilə, ovçuluq sadəcə bir hobbi deyil, həm də təbiət qarşısında böyük bir imtahandır. Ekologiyanın kövrək tarazlığını qorumaq üçün ov prosesi mütləq müəyyən edilmiş qaydalar və qanuni limitlər çərçivəsində aparılmalıdır. Hər bir ovçu nadir quş növlərini tanımaqla biomüxtəlifliyin qorunmasına töhfə verməli, ərazidə tullantı buraxmamaqla doğma təbiətə qarşı borcunu ödəməlidir. Unutmayaq ki, qaydalara riayət edilən ov mədəniyyəti gələcək nəsillərin də bu zəngin təbiət tablosundan zövq almasına açılan bir qapıdır.