Xəzər Universitetində seminar: 2040-cı ildə Avropa İttifaqı və Qafqaz
Bakı, 11 mart, AZƏRTAC
Xəzər Universitetində “Qeyri-müəyyən bir gələcəyə? 2040-cı ildə Avropa İttifaqı (Aİ) və Qafqaz” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyələşdirdiyi seminar Almaniya, Gürcüstan və Azərbaycandan 21 iştirakçı tələbəni bir araya gətirib. Tübingen Universitetinin professoru Tomas Diez, Xəzər Universitetinin Siyasi elm və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev, Romadakı IAI Şərqi Avropa və Avrasiya proqramının rəhbəri Nona Mixelidze, SSC Avropa mütəxəssisləri Sebastian Şaffer və İris Rehklaunun rəhbərlik etdiyi tədbir “Mədəni ayrılıqlar arasında ünsiyyəti asanlaşdırmaq üçün mədəniyyətlərarası seminar”, “Aİ-Qafqaz münasibətlərinə dair tədris”, “2040-cı ildə Aİ-Cənubi Qafqaz münasibətləri üçün ssenarilər hazırlamaq üzrə qrup məşqi” bloklarından ibarət olub.
Seminarda “Beynəlxalq münasibətlərin analitik perspektivləri”, “Avropa İttifaqının beynəlxalq münasibətlərdə rolu”, “Azərbaycan və Gürcüstanın siyasi sistemləri və xarici münasibətləri”, “Azərbaycan və Gürcüstanın xarici siyasət prioritetləri və Cənubi Qafqazdakı təhlükəsizlik problemləri”, “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzularında məlumat verilib.
Sonra iştirakçılar Avropa İttifaqının Bakıdakı nümayəndəliyində olublar. Onlar nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas ilə “Aİ-Şərq Tərəfdaşlığı” və “Aİ-nin Azərbaycan münasibətləri” mövzularında müzakirələr aparıblar.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.