Yaponiya “Trami” tufanı nəticəsində dəyən zərəri hesablayır
Tokio, 1 oktyabr, AZƏRTAC
Yaponiyanın bütün regionlarının sakinləri “Trami” tufanının vurduğu zərəri qiymətləndirir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bazar günü axşam saatlarından birinci gün səhərə qədər ölkənin demək olar ki, bütün ərazisindən keçən tufan nəticəsində azı iki nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.
Oktyabrın 1-də aviaşirkətlər artıq 230-dan çox reysi təxirə salıb. Sərnişinlərdən son məlumatları şirkətlərin veb-saytlarından götürmək xahiş edilir.
Sürətli “Şinkansen” qatarlarının hərəkəti tam bərpa edilib.
Tokio rayonunda gecə küləyin sürəti saatda 160 kilometrə çatıb ki, bu da rekord göstərici hesab olunur. Güclü külək ağacları kökündən çıxarıb, bir neçə avtomobili çevirib. Bəzi binalara da kiçik xətər dəyib.
Ölkənin qərbində yerləşən Miyazaki prefekturasında çaylar daşaraq evləri su altında qoyub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio