® Avropa Azərbaycan Məktəbi üç IB proqramı təqdim edən akkreditasiya alıb
Bakı, 11 yanvar, AZƏRTAC
Avropa Azərbaycan Məktəbi, nəhayət, Azərbaycanda üç IB proqramı (PYP, MYP və DP) təqdim edən dünya IB (Beynəlxalq Bakalavr) məktəblərindən biri olaraq akkreditasiya aldı.
Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Məktəbindən məlumat verilib. Bildirilib ki, yanvarın 9-da Avropa Azərbaycan Məktəbi Orta Təhsil Proqramı (MYP) üzrə akkreditasiya almaq üçün təsdiq cavabı alıb.
Qeyd edək ki, Avropa Azərbaycan Məktəbində 2017-ci ildə Beynəlxalq Bakalavriatın (IB) İbtidai Məktəb Proqramının (PYP), 2015-ci ildə isə IB Diplom Proqramının (DP) tətbiqinə səlahiyyət verilib.
Məktəb, həmçinin yüksək keyfiyyətli beynəlxalq təhsili təmin edən təşkilatın, Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür. 2012-ci ildə 95 şagirdlə fəaliyyətə başlayan Avropa Azərbaycan Məktəbində təhsil alan şagirdlərin sayı hazırda 700-ə çatıb. İbtidai təhsilini bitirib Orta Təhsil və ya Diplom Proqramına keçid edən şagirdlər hörmət, innovasiya, yaradıcılıq, mədəniyyətlərarası anlayış və tənqidi təfəkkür kimi zəruri anlayış və bacarıqlara yiyələnirlər. Avropa Azərbaycan Məktəbinin ən önəmli missiyası şagirdləri Azərbaycan mədəniyyətindən xəbərdar etmək və onlara sülhsevər və inklüziv cəmiyyət yaratmaq üçün beynəlxalq vətəndaş olmaq qabiliyyətini aşılamaqdır. Məktəbin baş icraçı direktoru Françesko Bankini qürur hissini aşağıdakı sözlərlə ifadə edir: “Bu prosesdə fəal iştirak edən bütün məktəb ictimaiyyətini təbrik edirəm. Bu, təxminən iki il çəkən əhəmiyyətli bir nailiyyətdir. İstisna hal olaraq, bir aydan az bir müddətdə biz təsdiq cavabını aldıq, MYP-nin qonaq qrupu məktəbimizin zəhmətini və öhdəliyini həqiqətən yüksək qiymətləndirdi. Öhdəliyiniz və vizyonumuza sadiqliyiniz üçün təşəkkür edirəm!"