® Beynəlxalq Uşaq Kitabı Günündə müayinəyə gələn balaca pasiyentlərə kitablar hədiyyə olunub
Mərkəzi Gömrük Hospitalında 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş aksiya keçirilib.
Bütün dünyada keçirilən Beynəlxalq Uşaq Kitabı Gününün Mərkəzi Gömrük Hospitalında qeyd edilməsi artıq ənənə halına çevrilib. Bu gün hospitala müayinəyə gələn balaca pasiyentlərə müxtəlif uşaq kitabları hədiyyə edilib və onlar böyük sevinclə hədiyyələri qəbul ediblər.
Təcrübə göstərir ki, valideynin uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Kitablarla tanışlıq uşaqların erkən yaşlarından başlanılmalı və ona qarşı sevgi hissi tərbiyə edilməlidir. Həmin kitabları oxuyan uşaqlar nə vaxtsa məhz kitablarla dostluq və ünsiyyət sayəsində gələcəyin həkimi, müəllimi, inşaatçısı, riyaziyyatçısı, rəssamı, neftçisi, alimi, ən əsası isə Vətənin layiqli övladı olacaq.
Qeyd edək ki, Uşaq Kitabı Gününün aprelin 2-nə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılbaz Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün həmin gün qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Həmin günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.