® “Rabitəbank” məşhur topçu əsgərimizin təhsil haqqını qarşılayacaq
Ölkənin aparıcı banklarından biri “Rabitəbank” ASC ikinci Qarabağ savaşının ilk günlərindən Ordumuza dəstək göstərir. Son günlər fotoşəkli bütün sosial şəbəkələrdə paylaşılaraq Ordumuzun məğrurluq rəmzinə çevrilmiş topçu əsgər Vüsal Şahkərimovun təhsil arzusuna biganə qalmayan “Rabitəbank” əsgərimizin təhsil xərcini qarşılamağa qərar verib. Qəhrəman əsgərimizin atası İslam Şahkərimovun müsahibəsində qeyd etdiyinə əsasən, daha öncə Vüsal maddi imkanları yetmədiyi üçün ödənişli qəbul olduğu universitetdə təhsil ala bilmədi. Vüsalın qayıdan kimi ilk arzusu təhsil almaqdır. Vüsalın təhsil arzusunu gerçəkləşdirməyi böyük qürurla öhdəsinə götürən bank ödənişli əsaslarla qəbul olacağı təqdirdə bütün təhsil haqqını, ödənişsiz təhsil hüququ qazanacağı halda tədris müddəti boyunca aylıq təhsil təqaüdünü qarşılayacaq.
Xatırladaq ki, bu, “Rabitəbank”ın ilk təşəbbüskar addımı deyil. Bundan öncə bank Silahlı Qüvvələrə Yardım Fonduna 100 min AZN köçürmə edib. Müştərilərin də fonda məsafədən ianələrini asanlaşdırmaq üçün “Rabitəbank Mobil” tətbiqində onlayn dəstək funksiyası istifadəyə verilib. Həmçinin bank Mərkəzi Bankın qərarına dəstək olaraq cəbhədə şəhid olmuş və müharibədən zərərçəkmiş mülki müştərilərinin də kredit borcunu silmək və kredit tarixçəsini müsbət tutmaq kimi öhdəliyi icra edəcək. Bundan başqa, “Rabitəbank” əsgərlərimizin maddi texniki ehtiyaclarının qarşılanması məqsədilə yardım qutuları hazırlayaraq ön cəbhəyə göndərib.
“Rabitəbank” Vüsalın timsalında bütün rəşadətli hərbçilərimizin zəfər müjdələri ilə salamat qayıtmalarını arzulayır! Qələbə Azərbaycan Ordusunundur!
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.