® Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi çərçivəsində maarifləndirici seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və “İmago Medical Systems” şirkətinin dəstəyi ilə Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi (RIQAS) proqramı çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan maarifləndirici seminar təşkil olunub.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev çıxış edərək laboratoriya xidmətlərinin müasir səhiyyə sistemində strateji əhəmiyyət daşıdığını, eləcə də pasiyentin sağlamlıq durumunun dəqiq və vaxtında qiymətləndirilməsi, düzgün diaqnostik qərarların qəbul edilməsi və effektiv müalicənin strategiyalarının müəyyənləşdirilməsinin bilavasitə laborator müayinələrin keyfiyyəti ilə sıx bağlı olduğunu bildirib. O qeyd edib ki, laboratoriya sahəsində yüksək texnoloji avadanlıqların, beynəlxalq standartlara əsaslanan keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi tibbi xidmətlərin ümumi keyfiyyətinə birbaşa təsir göstərir və maarifləndirici tədbirlər səhiyyə sistemində davamlı inkişafın təmin olunması, mütəxəssis heyətinin bilik və bacarıqlarının artırılması və pasiyentlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Daha sonra Randox şirkətinin marketinq direktoru Susan Hammond və təlimlər üzrə mütəxəssis Sahil Trikha proqramın məqsədləri, beynəlxalq təcrübələr və laboratoriya xidmətlərinin keyfiyyətinin artırılması sahəsində istifadə olunan innovativ metodlar barədə məlumat veriblər. Onlar, həmçinin RIQAS sisteminin əhəmiyyətini və bu sahədə əməkdaşlığın inkişaf perspektivlərini vurğulayıblar.
Seminarda mütəxəssislər arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradılıb.
Dilara Zamanova
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi