® “Unibank”ın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib
“Unibank” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Bir səhnə, min rəng, bir gələcək” adlı Uşaqların Səsi Forumuna dəstək verib.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən forum, cəmiyyətin diqqətini uşaqların ehtiyaclarına, hüquqlarına və duyğularına yönəltmək, eyni zamanda, onların səsini cəmiyyətə çatdırmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən şəhid övladları və fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar cəmiyyətə mesajlarını, fikir və duyğularını, arzularını dilə gətiriblər.
Onlar çıxışlarında “Mən balacayam, amma bir vətəndaşam, hüquqlarım var”, “Biz uşaqlar birlikdə güclüyük və hər birimiz o gücün bir parçasıyıq”, “Harada və hansı statusda olsam da, istəyirəm ki, orada yaxşılıq yayılsın”, "Mən fərqliyəm və fərqliliyimlə gözələm, güclüyəm”, “Bizi eşidin və anlayın”, “Bizim oynamaq, təhsil almaq, fikirlərimizi söyləmək hüququmuz var”, “Valideynlərimiz bizə təhsil verməklə bərabər, sevməyi, mərhəmətli və ədalətli olmağı öyrətsinlər”, “Uşaqları qorumaq - gələcəyi qorumaqdır” kimi mühüm və dəyərli mesajlar ötürüblər.
Tədbirdə çıxış edən qonaqlar da uşaqlara dəstək olub, onların səsinin eşidilməsinin zəruriliyini vurğulayıblar. Sonda uşaqlara təşəkkürnamələr və hədiyyələr təqdim edilib.