İQTİSADİYYAT
® “Embawood” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat vəsait köçürüb
“Embawood” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat vəsait köçürüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə “Embawood” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Belə ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat vəsait köçürüb.
Şirkətin PR meneceri Nigar Mehdiyeva qeyd edib ki, xalqımız üçün belə həssas və qürurverici anların yaşandığı zamanda “Embawood” şirkəti də Ali Baş Komandanın və Milli Ordumuzun yanındadır.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.