"Liverpul"-"Tottenhem" oyununda qalib müəyyənləşməyib
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVI turu çərçivəsində iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında "Kristal Palas" doğma meydanda "Nyukasl" komandasını qəbul edib. Görüşün 22-ci dəqiqəsində "Nyukasl"ın futbolçusu Mohamed Diame hesabı açıb. Matçın birinci hissəsi qonaq komandanın minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.
Matçın 55-ci dəqiqəsində "Nyukasl"ın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Luka Milivojevic hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib - 1:1.
Günün digər oyununda "Liverpul" komandası "Tottenhem"i qəbul edib. Görüşün 3-cü dəqiqəsində "Liverpul"un futbolçusu Məhəmməd Salah fərqlənib. Matçın ilk hissəsi meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə "Tottenhem" hesabı bərabərləşdirib. Matçın 80-ci dəqiqəsində Viktor Vanyama adını tabloya yazdırıb. Qarşılaşmanın 90-cı dəqiqəsində Məhəmməd Salah dubl etsə də, həmin dəqiqə Harri Keyn hesaba tarazlıq gətirib 2:2. Oyun bu hesabla yekunlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 69 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 56 xalla ikinci, "Liverpul" 51 xalla üçüncü, "Çelsi" 50 xalla dördüncü, "Tottenhem" isə 49 xalla beşinci pillədə yer alıblar.