CƏMİYYƏT
"Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Parisdə növbəti görüş baş tutub
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İli” elan edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Parisdə növbəti görüş baş tutub.
AQSİA-nın idarə heyətinin sədri, üzvləri və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber, Paris-Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva arasında görüş keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva layihənin icrasından və milli dəyərlərimizin Avropada xüsusi diqqət görməsindən bəhs edib. Layihənin Qarabağın tarixinin qədimliyini əks etdirdiyini xüsusi vurğulayıb.
Jerom Lamber layihənin uğurlu nəticələrinin bütün Avropaya səs salacağından əmin olduğunu bildirərək, təşkilati dəstəyin göstərilməsindən və iki assosiasiyanın əməkdaşlığından məmnunluğunu qeyd edib.
Görüşdə "Şuşa İli" çərçivəsində "Qarabağ incilərinin Avropa sədası" layihəsinin təşkilatçılıq və maliyyə məsələlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Fransada Azərbaycanın Dostları Assosiasiyasına, ölkəmizin Fransa Respublikasındakı səfirliyinə, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti, “Bakı Tekstil Fabriki” MMC və “K Fabuel” moda evinin də dəstək rolu vurğulanıb.