MƏDƏNİYYƏT
"Super Mario qardaşları kinoda" animasiya filminin gəlirləri bir milyard dolları keçib
Bakı, 1 may, AZƏRTAC
“Universal” studiyasının ərsəyə gətirdiyi “Super Mario qardaşları kinoda" adlı cizgi filmi cari ilin milyard dollar qazanan ilk layihəsi olub.
AZƏRTAC xəbər verir ki, cizgi filmi əvvəlcə ABŞ kassasında 40 milyon dollar gəlir əldə edərək, animasiya filmi üzrə rekorda imza atıb.
Eyni dövrdə qazanc əldə edən “The Incredibles 2” animasiya filmini geridə qoyaraq əlavə 28,4 milyon dollar qazana bildi. Bu həm də “Universal” studiyasının növbəti uğurlarından biridir. Əvvəlki ən yaxşı nailiyyət isə “Yura dövrünün dünyası” (29,2 milyon dollar) elmi-fantastik filmi olub. Daha sonra "Super Mario qardaşları kinoda" animasiya filmi ABŞ üzrə gəlirlərini 32,1 milyon dollarla başa vuraraq, "Hörümçək adam 3: Evə yol yoxdur" filmini geridə qoymağı bacardı.
Gözlənildiyi kimi, davamlı bu cür nəticələrlə ümumilikdə dünya üzrə nümayişlərdən gələn gəlirlər isə bir milyard dolları keçib.
Filmin rejissoru Aaron Horvat və Maykl Celenik, ssenari müəllifi Metyu Vogeldir.
Xatırladaq ki, "Super Mario qardaşları kinoda" animasiya filmi ilk dəfə kütləvi nümayişə cari il aprelin 7-də buraxılıb.