İDMAN
"Xanımlar üçün şəxsi təhlükəsizlik" mövzusunda praktiki və nəzəri təlimlər keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası (BDXHF), ASAN könüllüləri təşkilatının və Sabunçu gənclər evinin birgə təşkilatçılığı ilə "Xanımlar üçün şəxsi təhlükəsizlik" mövzusunda praktiki və nəzəri təlimlər uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, təlimlər DİN-in İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən keçirilib. Təlimlərdə kombat ciu-citsu yığmamızın üzvləri, Dünya və Avropa çempionu Ceyhun Hüseynov və İlahə Vəliyeva assistent qismində iştirak ediblər.
Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının vitse-prezidenti Bəxtiyar Şıxzadayev bildirib ki, məqsəd qadınlarda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, həmçinin onlara qarşı hər-hansı fiziki və psixoloji təzyiqlər olduğu zaman özlərini necə qorumağı öyrətməkdir. Federasiyanın Baş katibi Məğrur Əhmədov isə vurğulayıb ki, baxmayaraq ölkəmizdə tam sabitlikdir və hüquq-mühafizə orqanları təhlükəsizliyi yüksək səviyyədə təmin edir, lakin vətəndaşlar da, xüsusilə xanımlar fiziki və psixoloji hazırlıqlı olsalar daha yaxşı olar.
Qeyd olunub ki, bu cür təlimlər həftə sonuna qədər davam etdiriləcək.