ABŞ-DA TƏHSİL ALACAQ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
Bildirilmişdir ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) həyata keçirdiyi “Tələbə mübadiləsi” proqramı çərçivəsində bir il müddətində ABŞ-ın ali təhsil ocaqlarında təhsil alacaq tələbələr müxtəlif universitetləri təmsil edirlər. Proqram çərçivəsində artıq 4-cü qrup ABŞ-da birillik təhsilini başa vurur, 5-ci qrup isə Birləşmiş Ştatalara yollanır.
Birləşmiş Ştatların Azərbaycandakı səfiri xanım Ann Ders bildirmişdir ki, ölkələr arasında əməkdaşlıq təkcə hökumətlər səviyyəsində qurulmur. Ölkələrin vətəndaşları arasında əməkdaşlıq bu işə öz müsbət təsirini göstərir, xalqlar arasında dostluq münasibətlərində körpü rolunu oynayır.
Səfir Birləşmiş Ştatlarda təhsil alacaq və təhsilini başa vuran tələbələrin yüksək səviyyədə olan ABŞ-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsinə öz töhfələrini verəcəklərinə ümidvar olduğunu söyləmişdir.
Azərbaycanın təhsil nazirinin müavini Elmar Qasımov bu cür təşəbbüslərə görə ABŞ hökumətinə minnətdarlığını bildirmiş, tələbələrə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi missiyasında uğurlar arzulamışdır.