ABŞ-da xəstəxanaların əksəriyyətində COVID-19 virusuna yoluxmuş pasiyentlər yerləşdirilib
Vaşinqton, 7 aprel, AZƏRTAC
ABŞ-da xəstəxanaların əksəriyyətində COVID-19 virusuna yoluxması təsdiq edilmiş və ya yoluxmaqda şübhəli sayılan pasiyentlər müalicə keçirlər. Bu haqda Səhiyyə Nazirliyinin və sosial xidmətlərin bazar ertəsi elan edilmiş hesabatında bildirilir.
AZƏRTAC Nazirliyin bəyanatına istinadən xəbər verir ki, qarşıdakı həftələrdə pasiyentlərin sayının əvvəl proqnozlaşdırılan rəqəmlərdən çox olacağı gözlənilir.
Nazirliyin nümayəndələri qeyd ediblər ki, geniş yayılmış müxtəlif xarakterli problemlər (analizlər aparılması üçün zəruri miqdarda ləvazimatın olmaması, analiz nəticələrinin gec alınması, həkimlər üçün qoruyucu təchizatın, ağır xəstə pasiyentlər üçün ağciyərlərin süni ventilyasiyası aparatlarının çatışmaması və s.) xəstəxanaların işini daha da mürəkkəbləşdirir.
Səhiyyə Nazirliyinin və sosial xidmətlərin baş inspektorunun köməkçisi Enn Maksvell deyib ki, bu problemlər domino effekti yaradır və vəziyyəti ağırlaşdırır. Baş inspektorun hesabatı martın 23-dən 27-dək bütün ölkə üzrə 323 xəstəxanada aparılmış telefon sorğusuna əsaslanır. Maksvellin sözlərinə görə, adətən ayrı-ayrılıqda həll edilən müxtəlif problemlər qarşılıqlı əlaqəlidir və indi bu problemlər kompleks şəkildə həll edilməlidir.
Bazar ertəsi üçün olan məlumata görə, ABŞ-da 363.000-dən çox insanın COVID-19 xəstəliyinə tutulması təsdiq edilib, bu virusdan ölənlərin sayı isə 10.764 nəfərə çatıb.
AZƏRTAC-ın Vaşinqton bürosu