ABŞ “DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF UĞRUNDA TƏŞKİLAT - GUAM” YARADILMASINI DƏSTƏKLƏYİR
Birləşmiş Ştatlar Ukraynanı GUAM-da sədrliyə başlaması münasibətilə təbrik etmiş və GUAM-ın layihələrini, regional əməkdaşlıq və inkişaf məqsədlərini dəstəklədiyini bir daha bəyan etmişdir.
ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatında həmçinin deyilir ki, zirvə görüşünün iştirakçıları GUAM-ABŞ dialoqunun indiki vəziyyətini və perspektivlərini nəzərdən keçirmiş, GUAM-ABŞ çərçivə proqramında əldə olunmuş tərəqqini məmnunluqla vurğulamışlar. Bu tərəqqi regional təhlükəsizliyin və iqtisadi inkişafın dəstəklənməsinə dair konkret çoxtərəfli layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində dördillik birgə səylərin nəticəsidir.
Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar regional və Avropa səviyyələrində parlament diplomatiyasının səmərəli vasitəsi ola biləcək parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində GUAM-ın addımlarını alqışlayır. GUAM dövlətləri qarşılıqlı maraq doğuran sahələrdə, Xəzər regionu xüsusi vurğulanmaqla enerjidaşıyıcıları ixracı mənbələrinin artırılması, energetika infrastrukturunun təhlükəsizliyinin möhkəmləndirilməsi və GUAM-ABŞ çərçivə proqramı layihələrinin həyata keçirilməsi sahəsində Avropa İttifaqı ilə, digər dövlətlər və təşkilatlarla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını təsdiqləmişlər.
Birləşmiş Ştatlar GUAM dövlətlərinin beynəlxalq aləmdə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini təsdiq etmişdir.