ABŞ DÖVLƏT DEPARTAMENTİ ERMƏNİ LOBBİSİNİN İDDİALARINI RƏDD EDİR
Bu yaxınlarda Senatın Xarici əlaqələr komitəsində keçirilmiş dinləmələrdə ermənipərəst senator Corc Allen hökumət nümayəndələrinə demişdir ki, əgər Ermənistanla müqayisədə Azərbaycana hərbi yardım artırılsa, yaranan vəziyyət Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda əldə olunan irəliləyişi təhlükə altına alar və münaqişədə ABŞ-ın tərəfkeşliyi kimi yozula bilər.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Cons AZƏRTAC-ın müxbirinə müsahibəsində ermənipərəst Konqres üzvlərinin bu cür iddialarına cavabında demişdir: “Minsk qrupunun həmsədri kimi ABŞ münaqişədə heç kimin tərəfini saxlaya bilməz. Vasitəçi kimi, biz öz maraqlarımızın əksinə addım ata bilmərik. Hərbi yardıma gəldikdə, onun Dağlıq Qarabağ münaqişəsində istifadə edilməsi mümkün deyildir. Çünki yardım Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına yönəldilmişdir. Bu gün Xəzərin terrorçuların keçid yerinə, kütləvi qırğın silahlarının istehsalı üçün materialların nəqli və digər transmilli təhlükələrin marşrutuna çevrilmə qorxusu var. Bu təhlükələrlə mübarizə aparmaq üçün Azərbaycan dəniz sərhədçilərinin mühafizə imkanlarını yüksəltməliyik. Hərbi yardımdan daha bir məqsəd Əfqanıstana uçuşlarda ABŞ təyyarələrinin Azərbaycanda istifadə etdiyi hava bazasını müasirləşdirməkdir. Gördüyünüz kimi, bunların hamısı ABŞ-ın milli maraqlarının qorunmasına və terrorla müharibənin dəstəklənməsinə yönəldilmişdir. Bilirik ki, Ermənistan buna etiraz edə bilməz. Çünki nə Ermənistan, nə Rusiya, nə də bölgənin başqa dövləti Qafqazın terrorçulara yardım məqsədi ilə istifadəsini görmək istəməz”.