ABŞ-ın Haitidəki səfirliyinin bir sıra əməkdaşları təxliyə edilib
Bakı, 11 mart, AZƏRTAC
ABŞ Silahlı Qüvvələri Haitinin paytaxtı Port-o-Prinsdə şiddətlənən toqquşmalar fonunda Amerika səfirliyi personalının bir hissəsini təxliyə etmək üçün əməliyyat keçirib.
AZƏRTAC CBS News telekanalına istinadla xəbər verir ki, ABŞ səfirliyinin bir sıra əməkdaşları Port-o-Prinsdən helikopterlərlə çıxarılıb.
Ölkədə seçkilərə qarşı çıxan və Haitinin baş naziri Ariel Henrinin istefasını tələb edən silahlı dəstələr hökumət binalarına hücum edib və Port-o-Prinsdəki hava limanını ələ keçirməyə cəhd göstərib. Eyni zamanda, iki böyük həbsxanaya hücum minlərlə məhbusun qaçışına şərait yaradıb.
Toqquşmaların artması səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib. Nəticədə paytaxtın 15 minə yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb.
Karib hövzəsi liderləri ABŞ, Fransa, Kanada, Braziliya və BMT nümayəndələrini dəvət edərək martın 11-də Yamaykada Haitidəki vəziyyəti həll etməyi planlaşdırır.
Qeyd edək ki, iğtişaşların başlamasına Ariel Henrinin Karib hövzəsi liderləri ilə görüşündə 2025-ci ilin ortalarında ölkədə ümumi seçkilərin keçirilməsinə razılıq verməsi səbəb olub. Silahlı dəstlərə başçılıq edən sabiq polis zabiti Cimmi Şerizye baş naziri istefaya çağırıb və əks-təqdirdə hökuməti vətəndaş müharibəsi ilə hədələyib.
Bu seçkilər 2021-ci ilin iyulunda ölkə prezidenti Jovenel Moizin öldürülməsinin ardınca baş nazirin nəzarəti ələ keçirməsindən sonra Haitidə ilk seçki olacaq. Hazırda ölkənin nə prezidenti, nə də parlamenti var.