ABŞ İRANIN İŞİNİN BMT TƏHLÜKƏSİZLİK ŞURASINA VERİLMƏSİNƏ TƏRƏFDARDIR
Onun sözlərinə görə, ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mümkün qədər tezliklə fövqəladə iclası keçirməsində təkid edir, çünki ehtiyatlanır ki, bu iclas əvvəlcədən planlaşdırıldığı kimi, martda keçirilsə, İran öz nüvə proqramı ilə bağlı məsələni daha çox qarışdırıb dolaşdırar. O demişdir: “Biz İrana bunu etməyə yol verə bilmərik”.
Rays bildirmişdir ki, o, BAEA-nın nümayəndələri ilə bir neçə dəfə söhbət etmiş və onların nəticələrindən razı qalmışdır. (Dövlət katibi onların adlarını və hansı ölkələri təmsil etdiklərini açıqlamamışdır). Onun sözlərinə görə, müsahibləri ABŞ-ın “İran dosyesi”ni BMT Təhlükəsizlik Şurasına vermək niyyətini dəstəkləmişlər.
Rays demişdir: “Biz, nəhayət, nümayiş etdirməliyik ki, İran beynəlxalq birliyin tələblərini bundan sonra da qulaqardına vura bilməz. İranın işini BMT TŞ-nin müzakirəsinə çıxarmaq üçün Rusiya və Çin Birləşmiş Ştatları və Avropa dövlətlərini - Fransa, Almaniya və Böyük Britaniyanı dəstəkləməlidirlər”.
O, ABŞ tərəfindən İrana qarşı güc işlədilməsinin mümkünlüyü barədə suala belə cavab vermişdir: “Hazırda məsələnin ancaq diplomatik yolla həlli nəzərdən keçirilir. Biz həmişə bəyan etmişik ki, ABŞ Prezidenti bütün variantları nəzərdən keçirir, lakin indiki halda biz bu məsələnin dincliklə tənzimlənməsinə tərəfdarıq”. Rays BMT TŞ tərəfindən İrana qarşı sanksiyalar tətbiq olunmasının mümkünlüyünə də toxunaraq demişdir: “Ümidvaram ki, İran vəziyyətin tam ciddiliyini və sanksiyaların nəyə gətirib çıxaracağını nəzərə alaraq, bu məsələdə öz mövqeyinə yenidən baxacaqdır”.