ABŞ LNG-sinin Avropanın təbii qaz idxalındakı payı 60 faizə çatır
Bakı, 22 iyun, AZƏRTAC
ABŞ mayeləşdirilmiş təbii qazının (LNG) Avropanın idxalındakı payı 60 faizə çatır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropanın ABŞ-dən LNG idxalı əhəmiyyətli dərəcədə artır.
Hazırda “köhnə qitə”də LNG tələbatının təxminən 59 faizi ABŞ-dən təmin edilir. Aprel ayında isə bu rəqəm 64 faiz civarında olub. Bu göstəricilərin ilin sonlarında daha da artacağı gözlənilir. Lakin Avropa rəsmiləri uzun müddətdir ki, qitənin ABŞ LNG-sindən artan asılılığından narahatdırlar. Avropa İttifaqının rəqabət və enerji üzrə rəsmiləri tədarükün şaxələndirilməsinin vacibliyini və bir asılılığın digəri ilə əvəz olunması riskini vurğulayırlar.
Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Tereza Ribera bildirib: “Biz Rusiya qazına etibar edə bilmərik, amma ABŞ qazından da həddindən artıq asılı olmamalıyıq”.
Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen isə deyib: “Biz bir asılılığı digəri ilə əvəz etmək riski ilə üzləşirik”.
Ekspertlərə görə, əsas əmtəə bazarlarında tək bir mənbədən asılılığın 30-40 faizdən çox olması nadir haldır. Lakin 60 faizdən yuxarı olması isə olduqca istisna haldır. Bu asılılıq səviyyəsi adətən yalnız nadir metallar kimi ixtisaslaşmış bazarlarda müşahidə olunur.
Hörmüz boğazının bağlanması, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən tədarükün məhdudlaşdırması Avropanın ABŞ-dən LNG idxalındakı bu artımı sürətləndirib. Qışdan əvvəl anbarların doldurulması zərurəti səbəbindən isə qitədə ABŞ qazına tələbatın daha da artacağı gözlənilir.