ELM VƏ TƏHSİL
ABŞ SƏFİRLİYİ ZƏNGİLANLI UŞAQLAR ÜÇÜN SİNİF OTAQLARI İNŞA ETDİRMİŞDİR
Bu münasibətlə keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Səbail Rayon İcra Hakmiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin direktoru Alməmməd Xanməmmədov, əslən Cənubi Azərbaycandan olan Fransa vətəndaşı, xeyriyyəçi Pəri Çöhrə və başqaları göstərilən bu qayğıya görə, ABŞ səfirinə minnətdarlıqlarını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına, qaçqın və məcburi köçkün uşaqların təhsilə cəlb olunmasına göstərdikləri qayğı və diqqətdən danışmış, şagirdlərin biliklərə daha mükəmməl yiyələnmələri üçün yaradılan bu şəraiti yüksək qiymətləndirmişlər.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş demişdir ki, partalar, lövhələr və başqa məktəb ləvazimatı ilə təmin edilmiş bu sinif otaqlarının tikintisi Dövlət Departamentinin xətti ilə Səfirlərin Xüsusi Proqram Fondu tərəfindən maliyyələşdirilmiş və “VVorld Hope” gəlirsiz təşkilatı ilə əməkdaşlıq əsasında mümkün olmuşdur. Biz Azərbaycanda ayrı-ayrı yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün uşaqların təhsili üçün daha yaxşı imkanlar yaradılmasına çalışırıq.
Bu, ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi üçüncü layihədir, - deyən səfir məcburi köçkünlərin doğma ocaqlarına qayıtmaları üçün onun dövlətinin Minsk qrupu çərçivəsində səylə çalışdığını vurğuladı.
Məktəblilər torpaqlarımızın işğalçılardan azad olunması və doğma yurd-yuvalarına qayıtmaları üçün ABŞ-ın dövlətimizin başçısına yardımçı olmasını arzuladılar və bu ölkəyə böyük ümidlər bəslədiklərini vurğuladılar. Müxtəlif dillərdə sülhə və ABŞ-Azərbaycan dostluğuna həsr olunmuş şerlər söyləyən şagirdlər sülh rəmzi sayılan ağ göyərçinləri havaya uçurtdular.
Qırmızı lent kəsildikdən sonra iştirakçılar sinif otaqları ilə yaxından tanış oldular.