ABŞ şimal ayısından alınan məhsulların ticarətinin qadağan olunmasını təklif edir
Bakı, 6 oktyabr (AZƏRTAC). Şimal ayıları, köpək balıqları və şirin suda yaşayan tısbağalar - beynəlxalq miqyasda mühafizə olunmalı flora və fauna siyahısına daxil etmək üçün dövlətlər tərəfindən təklif olunan heyvanlar və bitkilər sırasındadır.
Söhbət “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya” (CİTES) çərçivəsində siyahıdan gedir.
50-dən çox dövlət vəhşi təbiətin flora və fauna növlərinin qorunması və davamlı istifadəsi məqsədilə onların beynəlxalq ticarətini tənzimləyən qaydaları təzələmək üçün CİTES 67 Konvensiyasının Katibliyinə təkliflər vermişdir.
Məsələn, Burkina-Faso, Keniya, Mali və Toqo fil dişi ticarətinin qadağa müddətini uzatmağa çağırırlar. Lakin Tanzaniya ona öz hüdudları çərçivəsində qeyri-kommersiya məqsədləri üçün fil ovuna icazə verilməsini xahiş edir.
CİTES-in baş direktoru Con Skenlonun sözlərinə görə, bu təkliflər vəhşi təbiətə dair 2013-cü ilin martında Banqkokda keçiriləcək növbəti Ümumdünya konfransı iştirakçılarının müzakirəsinə veriləcəkdir.
Con Skenlon demişdir: “Afrika fili məsələləri - fil dişinin qanunsuz və legitim ticarəti, yəqin ki, ən mübahisəli məsələlər olacaqdır”.
Birləşmiş Ştatlar şimal ayısının xəzi, dırnağı, dişi və bu heyvandan alınan başqa məhsulların kommersiya ticarətinin tamamilə qadağan olunmasını təklif etmiş və bildirmişdir ki, iqlim dəyişikliklərinin nəticələri onun kökünün kəsilməsi təhlükəsini yaradır.