Abşeron rayonunda qadını döyərək pulunu və qızıl-zinət əşyalarını ələ keçirən şəxs tutulub
Bakı, 13 oktyabr, AZƏRTAC
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin (DİN) 102 - Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini, buna razı olmadıqda isə aralarında yaranan mübahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.
Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.
Faktla əlaqədar Saray polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin barəsində əməliyyat- istintaq tədbirləri davam etdirilir.