Abşeronda COVID-19 infeksiyası ilə bağlı reydlər davam etdirilir
Xırdalan, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Virus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunur.
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda keçirilən növbəti reyd zamanı satıcıların, istehlakçıların, sərnişinlərin tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin, məktəblərin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha bildirilib və onlar karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Aparılan monitorinq zamanı fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub.
Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.