ACARISTANDA LEYSAN
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 19-na keçən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasında güclü leysan yağışları yağmışdır.
Təbii fəlakət nəticəsində Xelvaçauri rayonunun Matsuri kəndində torpaq sürüşməsi baş vermiş, Çavleisvililər ailəsinin evi torpaq altında qalmışdır. Ailənin 6 üzvündən 4-ü həlak olmuşdur. Bu, həmin kənddə ilk hadisə deyildir.
Bundan əvvəl Surmanidzelər ailəsinin üzvləri də torpaq sürüşməsinin qurbanı olmuşlar. Yağış muxtar respublikanın paytaxtı Batumi şəhərinə də ziyan vurmuşdur. Şəhərin küçələrini sel basması nəticəsində bir körpü uçmuş, avtomobillərin hərəkəti çətinləşmişdir.
Hazırda bölgədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.