ADAU-da “Məzun Yarmarkası-2021” tədbiri keçirilib
Bakı, 25 may AZƏRTAC
Mayın 25-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formada “Məzun Yarmarkası-2021” tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov pandemiyanın sosial-iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq, universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunmasının, onların uğurlu karyerasının vacib vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirib ki, bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın - “Məzun Yarmarkası-2021” tədbirinin onlayn formada keçirilməsi qərara alınıb. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət qayğısı sayəsində çoxsaylı iş yerlərinin yaranmasının universitet məzunlarının məşğulluğu üçün böyük imkanlar yaratdığını qeyd edən rektor cari ildə 1434, o cümlədən bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbənin məzun olduğunu söyləyib.
Kənd Təsərrüfatı Nazirliyi Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdırıb, nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın dövlət baş baytar müfəttişi Qalib Əbdüləliyev, “Azərsun Holdinq” MMC-nin Kənd Təsərrüfatı və Emal Müəssisələri üzrə İnsan Resursları Departamentinin müdiri Yaşar Savadov, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin direktoru Emin Əliyev, “Kapital Bank” Gəncə filialının müdiri Vüqar Paşayev, “Agro Dairy” MMC-nin insan resursları üzrə baş mütəxəssisi Natella Şeyx-zadə, MKT İstehsalat Kommersiya MMC-nin təlim və inkişaf üzrə meneceri Elnur Axundov, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov, habelə məzunlardan Şəhla Yusifova, Ayxan Abbasov, Orxan Muradzadə, Ağgül Əhmədova, Dinara Əliyeva, Fərrux İsayev, Nailə Həmidli və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Məzun Yarmarkası-2021”-də ümumilikdə iştirak edən 72 müəssisə və təşkilatdan 536 vakant yer təqdim olunub.