ADAU tələbələri İsraildə keçiriləcək təcrübə proqramında iştirak edəcəklər
Gəncə, 21 iyun, Elcan Məmmədov, AZƏRTAC
İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla görüşən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin maddi-texniki bazası haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə aqrar təhsilin sürətli inkişafı, buradakı təhsil şəraiti, maddi-texniki baza və ən əsası dövlətin bu sahəyə xüsusi diqqəti şəhərimizin və universitetimizin qonaqlarında ADAU-ya böyük maraq yaradır.
Görüş zamanı tələbələrin İsraildə təcrübə-təhsili və perspektivdə duran digər məsələlərdən də söhbət açılıb.
Doron Peer Aqrar Universitetdə olmaqdan məmnunluğunu ifadə edərək, ali təhsil müəssisəsinin dinamik inkişafını alqışladığını bildirib.
Sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzinin (AICAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün növbəti təcrübə proqramında iştirak üçün müraciət edən namizədlərin müsahibə mərhələsi təşkil olunub.
Qeyd edək ki, İsraildə keçirilən təcrübə proqramının ilk layihəsində ADAU-nun 39 tələbə və məzunu iştirak edib. Onlardan 31 nəfəri beynəlxalq sertifikat alaraq layihəni uğurla başa vurublar.