ADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklər
Gəncə, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində III kursu müvəffəqiyyətlə bitirən “aqronomluq”, "bitki mühafizəsi" və "iqtisadiyyat" ixtisasları üzrə təhsil alan tələbələr və onların valideynləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ikili diplom proqramı çərçivəsində III kursu bitirən tələbələrin 2023/2024-cü tədris ilində təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərini bildiriblər. O, diqqətə çatdırıb ki, tələbələrin ixtisaslı mütəxəssis kimi yetişmələri üçün hər iki universitet qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Sonra Zəfər Qurbanov tələbə və valideynlərə tövsiyələrini verib.
Valideyn və tələbələr onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.