ADNSU-da “Energynet.LAB” laboratoriyasının açılışı olub
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Energynet.LAB” laboratoriyasının açılış mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimindən öncə keçirilən görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, sənaye nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Həm onlayn, həm də ənənəvi formatda keçirilən görüşdə beynəlxalq tərəfdaşlar - Kazan Dövlət Energetika Universiteti, Almatı Energetika və Rabitə Universiteti və Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri də yer alıblar.
Tədbirdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, ADNSU müasir dövrün çağırışlarına uyğun olaraq tədris və tədqiqat fəaliyyətini daim təkmilləşdirir: “Energynet.LAB laboratoriyası bu istiqamətdə atılan mühüm addımlardandır. Məqsədimiz elektroenergetika sahəsində innovativ düşüncəyə malik, yüksəkixtisaslı mütəxəssislər yetişdirmək və milli mühəndislik məktəbini daha da gücləndirməkdir. Yerli və xarici tərəfdaşlarla qurulan əməkdaşlıq bu hədəflərə çatmaqda əsas rol oynayacaq”.
Daha sonra “Energynet.LAB” şəbəkəsinin rəhbəri Ruslan Kuznetsov laboratoriyanın məqsədləri, texniki imkanları və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib: “Energynet.LAB” elektroenergetika sahəsində yeni texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və multidisiplinar tədqiqatların aparılması üçün yaradılıb. Bu platforma həm elmi, həm də praktik yönümlü həllərin hazırlanmasına imkan verəcək”.
Görüş “Elektroenergetika sahəsində milli mühəndislik məktəblərinin inkişafı” mövzusunda panel müzakirələrlə davam edib. Təhsil innovasiyaları, yaşıl enerji texnologiyalarının tətbiqi, beynəlxalq elmi əməkdaşlıq və sənaye tərəfdaşlığı istiqamətində geniş fikir mübadiləsi aparılıb, müxtəlif universitet və təşkilatların nümayəndələri təqdimatlarla çıxış ediblər.
Sonra “Energynet.LAB” laboratoriyasının rəsmi açılışı olub. Laboratoriya Qazaxıstan, Özbəkistan və Rusiya Federasiyasından olan regional tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qurulub. Qonaqlara laboratoriyanın texniki imkanları, fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Energynet.LAB” ağıllı paylanmış enerji sistemlərinə yönəlmiş genişmiqyaslı beynəlxalq “energynet” təşəbbüsünün bir hissəsidir və bu sahədə təhsil, tədqiqat və innovasiya üçün əməkdaşlıq platforması kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur.