ADPU-da ECAR layihəsi çərçivəsində Litva səfərinin yekunları müzakirə olunub
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Rektorlar konfransının yaradılması” (“ECAR”) adlı layihə çərçivəsində Litva səfərinin yekunları ilə bağlı görüş olub.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Görüşdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov Litvada ali təhsil sistemi, akkreditasiya qaydaları, qiymətlərin miqyası və nəticələri və s. haqqında məlumat verib. Eyni zamanda, Mykolas Romeris Universitetinin (MRU) akademik heyətin idarə edilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzulardan bəhs olunub.
Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu “ECAR” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə yerli tərəfdaş universitetlər və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda rektorlar konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.