ADPU-nun Quba filialı eyni vaxtda üç beynəlxalq elmi konfransa ev sahibliyi edib
Quba, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı eyni vaxtda üç beynəlxalq elmi konfransa ev sahibliyi edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 21-də filialda AMEA Folklor İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, ADPU-nun Quba filialının və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq Avrasiya afşarları”, “Beynəlxalq Avrasiya elmi tədqiqat və innovasiyalar” və “VI Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarix və ədəbiyyat” beynəlxalq elmi konfransları təşkil edilib.
Tədbirlərdən öncə Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb.
Azərbaycanla yanaşı, dörd xarici ölkəni təmsil edən 90-a yaxın nümayəndənin iştirakı ilə konfransların plenar iclası keçirilib. Plenar iclasdan sonra konfranslar işini 11 paneldə davam etdirib.
Ümumilikdə, konfranslar çərçivəsində 11 paneldə 78 məruzə dinlənilib.
Konfransların sonunda iştirakçılara beynəlxalq tədbirdə iştiraklarına və məruzələrinə görə sertifikatlar təqdim edilib.