ADRA-nın regional idarələrdə həyata keçirdiyi təlimlərə yekun vurulub
Bakı, 21 dekabr, AZƏRTAC
Lənkəran şəhərindən start götürən təlimlər Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Bakı Şəhəri Reklam İdarəsində yekunlaşıb. ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsasən qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən toplantılar agentliyin bütün regional idarələrini əhatə edib. Məqsəd ADRA-nın fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlara edilmiş dəyişikliklərin və qüvvədəki qanunvericilik aktlarının tələblərinin agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi, onlarla yanaşı sahibkarlar da daxil olmaqla ictimaiyyətin maarifləndirilməsi olub. Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, Müraciətlərin qəbulu sektorunun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə bu dəfə Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşlarını məlumatlandırıblar.
Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şəki, Bərdə, Şirvan Regional İdarə əməkdaşları üçün keçirilən tədbirlər agentliyin regional idarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışmasını təmin etmək, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması kimi vacib mövzuları əhatə edib. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar. Agentliyin regionlarla daha sıx və əlaqəli fəaliyyətini təmin etmək üçün gələcəkdə bu tip təlimlərin davam etdirilməsi nəzərdə tutulur.