AFAQ BƏŞİRQIZININ “BU QIZI TAPIN” ADLI BENEFİSİ KEÇİRİLMİŞDİR
Azərbaycan Dövlət kamera orkestri, Dövlət xor kapellası, Dövlət rəqs ansamblı, Natiq ritm qrupu, müğənnilər Nisə Qasımova, Yalçın Rzazadə, Azərin, Aybəniz Haşımova, Rövşən Əziz, Nüşabə Ələsgərli, Aygün Bəylər yubilyarı müsiqi nömrələri, lirik rəqslər və mahnılarla təbrik etmişlər.
“Qızıl dərviş” mükafatı laureatı, Vaqif Səmədoğlunun “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam”, Tamara Vəliyevanın “Bankir adaxlı”, Əli Əmirlinin “Bala başa bəla”, Anarın “Evləri köndələn yar” tamaşalarındakı oyunu ilə ümumxalq şöhrəti qazanmış, Bəşir Səfəroğlu adına musiqili miniatür teatrının təsisçisi Afaq Bəşirqızının pərəstişkarı, tibb elmləri doktoru, professor Vaqif Qələndər müxbirimizə demişdir ki, 50 illik yubileyini sevə-sevə qeyd etdiyimiz, xalqımızın dəyərli sənətkarlarından biri olan aktrisa haqqında ən yaxşı sözü ağzınacan dolu, alqışlardan və gülüşdən titrəyən salon deyir. Görürsünüzmü, gecə nitqsiz, məruzəsiz, çıxışsız nə qədər maraqlı keçir! Həmişəcavan Afaq xanım oxuyanla oxuyur, oynayanla oynayır. Onun səhnəyə ayaq basması ilə alqışlar qopur, qəh-qəhələr ucalır. Sənətkara bundan artıq nə lazımdır ki?! Pərəstişkarları adından sevimlimizə uzun ömür, cansağlığı, sənətdə bol-bol uğurlar arzulayıram.
Respublikanın xalq artisti Amalya Pənahova da geniş danışmağa lüzum görmədi: “Afaq xanım korifey sənətkarımızdır. Sevinirik ki, bu gün ölkəmizin tanınmış mədəniyyət və incənət xadimlərini, ümumiyyətlə teatrsevərləri bir yerə toplayıb. Sənətinin zirvəsində olan həmkarıma cansağlığı, xoşbəxtlik arzulayıram”.
Benefisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olmuşdur.