AFFA-nın texniki direktoru: Azərbaycan futbolunun inkişafı üçün dəyişikliklər zəruridir
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycanda futbolun inkişafı üçün böyük potensial var. Bu idman növü ölkənizdə çox populyardır. Həm AFFA, həm də ölkə rəhbərliyi bu sahənin inkişafında maraqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Edmond Klaus deyib.
Niderlandlı mütəxəssis vurğulayıb ki, Azərbaycan futbolunun inkişafı üçün dəyişikliklər vacibdir: “Heç nəyi dəyişməsək, hazırkı vəziyyət olduğu kimi qalacaq. Buna görə də bir sıra sahələrdə islahatlara ehtiyac var. Davamlı uğur qazanmaq üçün təkcə bir istiqamətdə deyil, bir çox sahədə iş görülməlidir. Rəqabət mühiti, məşqçi təhsili, istedadların müəyyənləşdirilməsi, klub idarəçiliyi, qaydalar və infrastruktur inkişaf etdirilməlidir. Hazırda yaxşı məqamlar da var. Lakin Azərbaycan futbolunun gələcəyini davamlı inkişaf etdirmək üçün vacib elementlər təkmilləşdirilməlidir. Məqsədimiz təkcə sabah uğur qazanmaq deyil. Biz 5, 10 və hətta 20 ildən sonra da uğurlu olmaq üçün möhkəm təməl qurmalıyıq”.
AFFA-nın texniki direktoru Azərbaycana gəlməzdən əvvəl yerli futbol barədə geniş məlumata malik olmadığını söyləyib: “Əvvəllər Azərbaycanda çalışmış niderlandlı mütəxəssislər Stenli Brard, Con van Leon və Yan Versleyen ilə söhbətlər aparmışam. Bundan başqa, xatırlayıram ki, “Ayaks”da işlədiyim dövrdə “Qarabağ”a qarşı çıxış etmişik. AFFA rəhbərliyi ilə keçirdiyim görüşlərdən sonra mənim futbol fəlsəfəm ilə qurumun baxışlarının üst-üstə düşdüyünə əmin oldum”.